Gələn ildə İsrail və İngiltərə İranın nüvə və bir sıra obyektlərini bombardman edə bilər. Bunu SalamNews-a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.
Onun fikrincə, bu müharibə İraq və Livyadakı kimi olmayacaq, bu, tamamilə başqa istiqamətdə həyata keçiriləcək: “Məsələn, müqavimət göstərməyə imkanları olmasın deyə, İsrail və İngiltərə İranın Silahlı Qüvvələrini, infrastrukturunu, həmçinin bütün silah arsenalını və digər obyektlərini birdəfəlik zərbəyə məruz qoya bilərlər. Müharibə olan halda bu ölkələrin arxasında NATO dayanacaq. Əgər bu baş tutarsa, İranı Rusiya da müdafiə edə bilməyəcək. Çünki heç Misiri və Liviyanı müdafiə edə bilmədi"
Politoloq Fransanın Kann şəhərində dünya liderlərinin iştirak etdiyi G-20 sammitinin Yaxın Şərqlə bağlı nəticlərindən də danışıb. O bildirib ki, G-20 sammitində Yaxın Şərqdə yerləşən Suriya, Yəmən və İranla bağlı pərdəarxası çox şeylər müzakirə olunub: “Yaxın Şərqdə vəziyyət çox gərgindir. Hər gün ABŞ və İsraildən İrana hədələr gəlir. İran isə bunlara cavab verir. Bu şəraitdə ABŞ və bir sıra müttəfiq dövlətlər sıralarını yoxlayırlar və daha da möhkəmləndirirlər. Son vaxtlar ABŞ daha ağır bəyanatlar verir, onun müttəfiqləri İrana qarşı müharibə elan edir. Bu cür bəyanatlar ilk dəfədir müharibə səpgisindədir".
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqi yeniləşdirir. Hazırda Yaxın Şərqdə bəzi dövlətlər Rusiyanın, Çinin və başqa ölkələrin maraqlarına xidmət edirlər: “Əgər ABŞ əməliyyatlarını axıra qədər başa çatdırsa və müəyyən yollarla İranın nüvə obyektlərinə zərbə endirsə, İran xalqı ayağa qalxsa, onda ABŞ-ın məqsədləri tamamilə həyata keçəcək. Bütövlükdə, Yaxın Şərq bütün ölkələrin deyil, təkcə ABŞ-ın maraqlarına xidmət edəcək”.