Gəncədə qurban bayramı ilə əlaqədar irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyasına başlanılıb. İlin sonunadək davam edəcək xeyriyyə tədbirinin ilk günündə 23 nəfər Gəncə sakini aksiyaya qoşulub.
Aksiyanın təşkilatçısı Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədovanın sözlərinə görə, Gəncə şəhəri üzrə 65 irsi qan xəstəsi qeydiyyatda durur və onların 80 faizini azyaşlı uşaqlar təşkil edir. Onlara isə ay ərzində ən azı bir dəfə olmaqla, 250-500 qram qan tələb olunur. Lakin mərkəzin Qan Bankı bu tələbatı tam ödəmək imkanına malik deyil.
Qeyd edək ki, 400 qram donor qanının rəsmi satış qiyməti 16 manatdır. Qanköçürmə Mərkəzinin baş həkimi bildirir ki, irsi qan xəstələrinin əksəriyyəti isə hər ay bu qədər pul ödəmək imkanına malik deyil. Əsasən bu səbəbdən belə aksiyaların keçirilməsinə zərürət yaranır. Gəncə bölgə Qanköçürmə Mərkəzindən verilən məlumata görə, bu ilin 11 ayı ərzində mərkəzdə 5 yeni xəstə qeydiyyata düşüb, 1 nəfər isə vəfat edib. Qərb bölgəsi üzrə isə talassemiya və hemofiliyalı xəstələrin ümumi sayı sayı 300-dən çoxdur.