Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində ziyan çəkən insanlara maddi yardım göstərib. Bu barədə SalamNews-a QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, vəsait zəlzələ nəticəsində ziyan çəkən insanlara yardım məqsədilə Türkiyənin Bakıdakı səfirliyində açılmış hesaba köçürülüb.
Xatırladaq ki, oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 601 nəfər ölüb, 4152 nəfər yaralanıb, 188 nəfər dağıntılar altından sağ çıxarılıb.
Azərbaycan ümumilikdə Türkiyəyə yardım olaraq 1250 çadır, 6050 ədyal, 40 generator, 40 mətbəx dəsti, 850-dən çox isti yataq dəsti göndərib. Azərbaycandan Türkiyəyə göstərilən yardımın ümumi məbləği 1 milyon 800 min ABŞ dolları həcmindədir.
Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında Azərbaycan FHN-in 213 xilasedicisi və kineloji xidmətinin itləri iştirak ediblər.