Şimali İraq Kürd administrasiyasının rəhbəri Məsud Barzani Türkiyənin başladığı hərbi əməliyyatlara qarşı olduğunu vurğulayaraq, fikrini açıqca bildirib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Türkiyədə görüşlər keçirən Məsud Bərzani hərbi əməliyyatlara qarşı olduğunu deyib: "Nə qədər güclü olsanız da, Qəndil məhv edilə bilməz".
Məsud Barzani jurnalist Mehmet Ali Birand ilə görüşdə söyləyib: "Mənim üçün ən vacib olan ünsür kürd-türk dostluğunun zədələnməməsidir. Artıq yeni bir dövr başlayıb və bu dostluq pozulmamalıdır. Ancaq PKK, əsgər və polisi öldürərək bu dostluğu zədələyir. Bu problem silahla həll edilə bilməz. Nə Türkiyə, nə də PKK silahla bir şey qazanmaz. Mən də bura hərbi əməliyyatların dayandırılmasını istəməyə gəlmişəm. Biz heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik. Nə qədər güclü, nə qədər təchizatlı olsanız da, yenə də qeyri-mümkündür. Qarşınızda nizamlı ordu yoxdur. Mən də oralarda döyüşmüşəm. İraq rəhbərliyi bizə qaz bombası atdı, 5 dəstə əsgər yığdı. Təyyarə ilə bomba yağdırdı, yenə də bizi yox edə bilmədi".