Türkiyə Ermənistan ərazisindəki “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edəcək.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O bildirib ki, beynəlxalq agentliyin belə bir səlahiyyəti var: “İstismar müddəti bitmiş hər stansiyanın qapadılması üçün təşəbbüs göstərəcəyik”.
Nazir Vanda baş vermiş zəlzələdən sonra Türkiyə sərhədinə yaxın ərazidə yerləşən “Metsamor” AES-lə bağlı mütəxəssislərdən müvafiq məlumatlar aldığını söyləyib. O, bölgədə radiasiya səviyyəsinin yüksəlmədiyini bildirib: “Ömrünü tamamlamış stansiyaların – hələ üstəlik bizim ətrafımızdakıların fəaliyyətinə qarşıyıq. Dünyada 40 yaşını ötən 26 atom stansiyası var. Bu stansiyaları bağlamaz lazımdır. Lakin bu, nüvə enerjisindən imtina demək deyil”.