Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP), AMEA Tarix İnstitutu və “Azər-ilmə” Azərbaycan Xalçaları Qalereyasının təşkilatçılığı ilə “Azərbaycan xalçaları: İrəvan qrupu” adlı kitabın təqdimat mərasimi keçirilib
APA-nın məlumatına görə, tədbirdə YAP, Milli Məclis və AMEA-nın rəhbərliyi, deputatlar, ziyalılar, sənət adamları iştirak edib.
Çıxış edən YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının Azərbaycanın itirilən tarixinin bərpası baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, “Azər-ilmə” Azərbaycan Xalçaları Qalereyasının direktoru Vidadi Muradov və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı Azərbaycanın dövlətçilik tarixinin, tarixi torpaqlarının, itirilmiş yurd yerlərinin, qədim və zəngin mədəniyyət tarixinin, o cümlədən xalçaçılıq sənəti tarixinin öyrənilməsi işinə mühüm töhfə sayılır. Kitab saxtakarlıq və oğurluq yolu ilə Azərbaycanın mədəniyyət inciləri hesabına özünə “mədəniyyət” yaratmağa çalışan erməni qəsbkarlarına zərbə hesab olunur.