Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad ölkəsində hökumət əleyhinə keçirilən nümayişləri terror hərəkətləri kimi qiymətləndirib.
SalamNews-un "Cihan"a istinadən verdiyi xəbərə görə, Faysal Miqdad aralarında Türkiyənin də olduğu Livan, Səudiyyə Ərəbistanı və İordaniyanın qeyri-rəsmi yollarla "terroru" maliyyələşdirdiyini iddia edib.
Ölkədəki hadisələrdə 1150 əsgərin öldürülməsinin nəzərə alınmadığını söyləyən Miqdad bildirib ki, ələ keçirilən silahlı şəxslər polis və əsgərlərdən başqa mülki vətəndaşlara da atəş açdıqlarını etiraf ediblər.
Miqdad vurğulayıb ki, bu müddətdə müxtəlif səhvlərə yol verildiyini və islahat işlərinin arzu edilən nəticələr vermədiyini onlar qəbul edirlər: "Bu səhvləri qəbul etməyimiz lazımdır, ancaq hadisələr bu dərəcəyə çatmamalıydı. Heç kim Suriyaya toxuna bilməz. Əgər bunu edə biləcəklərinə inansaydılar, edərdilər. Çünki bütün bölgə Suriyaya müdaxilə edilməsinə qarşı cıxır".
Suriyada hökumət əleyhinə keçirilən nümayişləri terror hərəkətləri olaraq adlandıran Miqdad deyib: "Biz Səudiyyə Ərəbistanı hökuməti və ya İordaniya hökuməti, Livan və ya Türkiyə hökumətinin terror qruplarını maliyyələşdirdiyini söyləmək istəmirik. Ancaq, terrorun bu ölkələrin qeyri-rəsmi mənbələrindən maliyyələşdiyinə inanırıq. Bunun üçün biz də qardaş ölkələrin buna icazə verməməsini istəyirik. Çünki bu beynəlxalq qanunlarda terrora dəstək mənasını verir. Onlar maddi dəstəyi suriyalıların öldürülməsi üçün göndərirlər. Biz də bunun dayandırılmasını istəyirik".