Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul edib.
SalamNews prezidentin saytına istinadən xəbər verir ki, səfir Salem Xalifa Mohamed Əl-Ğafli etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Səfirlə söhbət edən dövlət başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, bu ölkənin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarını və ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev onların salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə, Dubay Əmirinə, Abu-Dabi əmirliyinin vəliəhdinə çatdırmağı xahiş edib.