Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyası yandırılıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər noyabrın 2-nə keçən gecə redaksiyaya yandırıcı “butılka” (Molotov kokteyli) atıblar. Yanğın binanın bir hissəsini əhatə edib. Bununla paralel jurnalın saytı da dağıdılıb.
Redaksiyaya hücum jurnalın növbəti nömrəsinin anonsundan sonra gerçəkləşib. Anonsda bildirilib ki, jurnalın növbəti sayı “Ərəb baharı”nın Tunis və Liviyadakı uğurlarına həsr ediləcək, buraxılışın baş redaktoru isə Məhəmməd peyğəmbər olacaq. Jurnalın üz qabığında Məhəmməd peyğəmbərin karikaturası və “Gülüşdən ölməsəniz, yüz şallaqdan öləcəksiniz!” sözlərinin yer alması nəzərdə tutulub.