Azərbaycan Həcc karvanının 18 avtobusdan ibarət ilk qrupu Məkkə şəhərinə çatıb. Hazırda bu qrupun zəvvarları ümrə əməllərini (kiçik Həcc əməlləri - red.) yerinə yetirməyə başlayıblar.
Həcc karvanının 26 avtobusdan ibarət ikinci qrupu isə bu axşam Məkkəyə yola düşəcək. Məğrib namazını Şəcərə məscidində qılacaq II qrupun zəvvarları buradaca ehramlanaraq, müqəddəs Kəbəyə doğru hərəkət edəcəklər. Karvanın əmirül-həcci, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri müqəddəs Mədinə şəhərindən Deyerler.org-a verdiyi açıqlamada bildirmişdir ki, hal-hazırda avtobus karvanlarımıza daxil olan zəvvarlar arasında səhhət və sairə baxımından narahatlıqlar yoxdur. “Hər şey normaldır, müqəddəs ziyarət Həcc proqramı üzrə davam edir. Zəvvarlarımızın səhhətləri də, əhval-ruhiyyələri də yaxşıdır”, - deyə Hacı Hacıağa Nuri bildirib.
Qeyd edək ki, bu il Həcc karvanına 1350 zəvvarımız daxildir. Müqəddəs ziyarətə təyyarə ilə yollanan 650 zəvvar isə hal-hazırda müqəddəs Məkkə şəhərindədir. QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın saytımıza verdiyi açıqlamasında bildirilir ki, hava nəqliyyatı ilə yola düşmüş zəvvarlarımızla bağlı da vəziyyət yaxşıdır.
Bir neçə günə Məkkədə toplanan bütün zəvvarlar əsas Həcc əməllərini icra etməyə başlayacaqlar. Sabahdan etibarən isə Azərbaycandan yola düşmüş bütün zəvvarların müqəddəs məkanda toplanaraq, müqəddəs ayinləri birgə həyata keçirəcəyi bildirilir.
Qeyd edək ki, miqat sərhəddi Şəcərə məscidindən müqəddəs Məkkə şəhərinə kimi 420 km-lik yoldur.
/Deyerler.Org/