Milli Məclisin Sosial-siyasət Komitəsi “Mərasimlər haqqında” qanun layihəsi üzərində müvafiq işlər aparır.
SalamNews-un məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
Deputatın sözlərinə görə, artıq 10 ilə yaxındır sözügedən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması düşünülür. Amma qəbul edilmir. Bütün bunlara səbəb isə Tacikistan variantının Azərbaycanda tədbiq edilməməsidir.
O deyib: “Bu qanun layihəsi Azərbaycanın reallıqlarına uyğun gəlmir. Tacikistanda qəbul olunan qanunu Azərbaycanda tədbiq etmək olmaz. Çünki, Tacikistanda toy avtomobil karvanını neçə maşının müşayət etməsi, neçə cür yemək verilməsi və digər bu kimi məsələlərlə bağlı reqlament qoyulub. Bu normaları Azərbaycan cəmiyyətində tədbiq etmək olmur. Azərbaycanda el və ailə şənlikləri mədəniyyəti yüksəldilməlidir. Azərbaycanda edilən el və toy şənlikləri israfçılığı və səs-küyü ilə yadda qalır. Bu mərasimlərdə insanlar istirahət etmək əvəzinə, səs-küy və israfçılıqla qarşılaşırlar. Bütün bunların əsas səbəbi isə insanlarda bir-birinə bəhsin olmasıdır. Ziyalılarımız və tanınmış insanlar Azərbaycanın mərasimləri ilə bağlı hamıya örnək olmalıdırlar. Bu gün “Buta Palace”, Beynəlxalq Muğam Mərkəzi və digər istirahət yerlərində hər kəsə örnək olacaq el və toy mərasimləri təşkil edilir. Bu cür nümunələrin sayı çox olmalıdır. Azərbaycana qonşu olan Türkiyə, İran və digər dövlətlərdə toy və el şənlikləri israfçılığa yol verilmədən həyata keçirilir. Mən əminəm ki, müəyyən vaxtdan sonra Azərbaycanda da bu məsələ həllini tapacaq”.