"Əsas əhəmiyyətli məsələlərdən biri odur ki, hər hansı axund və yaxud molla nikah şəadətnaməsi təqdim olunmadan kəbin kəsirsə, bu, ölkə qanunlarına qarşı hörmətsizlikdir və hər kəs qanuna sadiq qalmalıdır".
Bunu SalamNews-a İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Azərbaycanda rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsən dindarlar cinayət məsuliyyətinə cəlb olunması təklifinə münasibət bildirərkən deyib.
Bu təklifi müsbət addım kimi dəyərləndirən axund bildirib ki, Azərbaycanda müəyyən qədər mollalar Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) icazə almadan bu işlə qeyri-qanuni məşğuldurlar. Həmin mollalar arasında dini terminlərə uyğun olaraq, kəbin kəsənlər də var. Onlar əvvəlcə Qafqaz Müsəlmanları İdarəsaindən icazə almalı və QMİ-nin Atestasiya Komissiyasından yoxlamadan keçməlidirlər. Amma təəssüflər ki, bu məsələnin həllində hələ çox şeyə nail ola bilməmişik. Hazırda ölkədə sözügedən məsələdə pərakəndəlik var. Kim harada istəyirsə, orada da kəbin kəsir.
Dövlət Reyster Xidmətindən keçmədən, nikah şəhadətnaməsi təqdim olunmadan hər hansı cütlüyə kəbin kəsmədiyini söyləyən Hacı Surxay Məmmədli bildirib ki, dinimizdə qanunlara hörmət təsbit edilir. Çalışmaq lazımdır ki, burada dövlətin qanunvericilik formaları və dini ayinlər eyni şəkildə yerinə yetirilsin. Bu, din və dövlət münasibtlərinin tənzimlənməsinə gətirib çıxarır.