Suriyaya müdaxilə edəcəkləri təqdirdə Qərb ölkələri bütün Yaxın Şərqi ağuşuna alacaq yanğını alovlandırmaqla risk edirlər. SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd "The Sunday Telegraph" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xarici dövlətlərin Suriyanın daxili işlərinə qarışmaq cəhdləri bütün regiona mənfi təsir göstərəcək: "Suriyada meydana gələcək istənilən problem Yaxın Şərqi alovlandıracaq".
B.Əsəd həmçinin qeyd edib ki, Misir, Yəmən, Tunis və ilin əvvəlindən gərginlik yaşanan digər ərəb ölkələrindən Suriya tam fərqlidir: "Bizim başqa tariximiz, başqa siyasətimiz var. Liviya ssenarisinin Suriyada təkrarlanması mümkün deyil".
Prezident qeyd edib ki, ölkədə iğtişaşlar başlayandan sonra hakimiyyət tərəfindən bir sıra səhvlərə yol verilib. Lakin artıq vəziyyət tam başqadır: "Biz islahatlar keçirməyə başladıq. İnsanlar da bunun müsbət təsirini gördü və bizi dəstəkləməyə başladı".