Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nasirinin dəvəti ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdədir.
Ədliyyə Nazirliyindən SalamNews-a verilən məlumata görə, F.Məmmədov hüquqi əməkdaşlığa dair iki ölkə arasında imzalanmış ilk dövlətlərarası sənədlərin əhəmiyyətindən söz açıb.
Görüşdə Dağlıq Qarabağ və Cənubi Səhra münaqişələrinə toxunularaq, bu məsələlərdə qaşılıqlı dəstək ifadə olunub. Azərbaycanın və Mərakeşin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmələri ilə əlaqədar qarşılıqlı təbriklər səsləndirilib.
Daha sonra iki ölkənin ədliyyə nazirlikləri arasında sazişin icrası məqsədilə ədliyyə və məhkəmə sistemi ilə tanışlığa, elektron ədliyyə və müasir texnologiyaların tətbiqinə, birgə tədris tədbirlərə dair 2012-ci il üçün İşçi Proqram imzalanıb.
Azərbaycan nümayəndə heyətinin səfərinə böyük diqqət göstərilərək, Mərakeşin Mərkəzi Televiziyası Azərbaycanın ədliyyə nazirindən müsahibə götürüb.
Səfər çərçivəsində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi ilə görüş keçirilib. Səmimi qəbula görə minnətdarlığını bildirən F.Məmmədov Beynəlxalq Parlament Birliyinin sədri seçilməsi münasibətilə A.Radini təbrik edib.
Tədbirlərdə ölkəmizin Mərakeş Krallığındakı səfiri S.Ağabəyov iştirak edib. Səfər çərçivəsində ölkəmizin Rabatdakı səfirlirliyində Mərakeş Parlamentinin sədri, ədliyyə naziri və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə rəsmi ziyafət təşkil olunub.