İran İslam Şurası Məclisinin sədri Amerika dövlət katibinin Tehranda Birləşmiş Ştatların virtual səfirlik açmaq barədə fikirlərini Vaşinqtonun siyasi iflasının nəticəsi adlandırıb. İran KİV-lərinin verdiyi məlumata görə, Əli Laricani deyib ki, Hillari Klintonun sözləri daha çox məzhəkəyə bənzəyir və bu kimi bəyanatlar iranlılar arasında milli birliyin güclənməsinə səbəb olur.
Spikerin sözlərinə görə, hazırki şəraitdə demokratlar iqtisadı problem və seçki məsələsi ilə üzləşiblər, Sionist rejim isə regiondakı inqilabların nəticəsində təcrid olunub. Bu səbəbdən sionist lobbi təşkilatları izolyasiyadan xilas olmaq üçün yol axtarırlar.
Amerikalıların öz rəftarlarını dəyişməli olduqlarına toxunan İran parlamentinin sədri qeyd edib ki, amerikalılar öz xülyalarından çıxa bilmirlər.
Regiondakı inqilablara gəlincə, Laricani deyib: Bu inqilablar İran İslam İnqilabının nəticəsidir. Çünki İran inqilabı dinamik bir inqilab olmuşdur.