İsraildəki bəzi qüvvələr rəsmi Bakının Rusiya və İranla münasibətlərindən narahatdır. Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov İsraili DEBKA portalının yaydığı məlumatı şərh edərkən bildirib.
Xatırladaq ki, İsrail saytı işğal olunmuş Dağlıq Qarabağ ərazilərində bu yaxınlarda vurulmuş Pilotsuz Uçan Aparatın (PUA) Azərbaycana məxsus olduğunu və rus hərbiçilər tərəfindən vurulduğunu iddia edib.
"İnanmıram ki, bunda İsrail hökümət dairələrinin birbaşa əlaqəsi var. Bu, onların siyasəti ilə ziddiyyət təşkil edir. Müəyyən qüvvələr Azərbaycanın regiondakı mövqeyindən narazıdırlar. Onlar belə xəbərlər yaymaqla rəsmi Bakının Tehran və Moskva ilə münasibətlərini pozmağa çalışırlar", - Üzeyir Cəfərov vurğulayıb.
Hərbi ekspertin fikrincə, bu qüvvələrin əsas məqsədi Azərbaycanın qonşuları ilə qurduğu ikitərəfli münasibtləri korlamaqdır.