Şəhərdəki azərbaycanlı müəllimlər və onların ailə üzvləri geri qayıdır
Azərbaycanın Qars Baş Konsulluğuna Vanda baş vermiş zəlzələdə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Bunu APA-ya Azərbaycanın Qars Baş Konsulluğunun konsulluq məsələləri üzrə məsul əməkdaşı, vitse-konsul Asiman Əliyev deyib. O bildirib ki, Van 100-cü il Universitetində çalışan azərbaycanlı müəllimlər və onların ailə üzvlərinin ümumi sayı 25 nəfərdir: “Onların hansınınsa xəsarət alması barədə bizə məlumat verilməyib. Bu şəxslərlə bir-bir əlaqə saxlanılır, hamısı sağ-salamatdır. Burada təhsil alan azərbaycanlı tələbələrlə də əlaqə saxlamışıq. Vanda Azərbaycan vətəndaşı olan tələbələrin sayı çox deyil. Onların da arasında yaralı, xəsarət alan yoxdur. Bundan başqa, Vanda pasport qeydiyyatında olan Azərbaycan vətəndaşları ilə də əlaqə qurulur”.
A. Əliyev qeyd edib ki, Vandakı azərbaycanlı tələbələrin bir neçəsi yaxınlıqdakı Ərzurum vilayətinə göndərilib: “Çünki onların təhsil aldığı universitetdə bir həftəlik tətil elan olunub. Gəzən söhbətlərə görə, Van Universitetində noyabrın 15-dək təhsil olmayacaq. Yalnız Qurban bayramından sonra tədris prosesi bərpa ediləcək”.
A. Əliyev Van 100-cü il Universitetində çalışan azərbaycanlı müəllimlər və onların ailə üzvlərinin Azərbaycana dönmək istədiklərini də açıqlayıb: “Artıq müəllimlər konsulluğa müraciət edib, biz bu müraciətə baxmışıq və Azərbaycanın müvafiq qurumlarına müraciət etmişik. Onların ölkəyə qayıtması haqqında razılıq alınıb. Müəllimlər və onların ailə üzvləri Van Hava Limanında gözləyirlər”.
A. Əliyev bölgədə axtarış-xilasetmə işləri aparan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri ilə görüşdüklərini də bildirib.