Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə FHN-in saytında məlumat yerləşdirilib. Bununla da, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından çıxarılan cəsədlərin sayı 4-ə çatıb.
Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
Vanda isə rəsmi olaraq 217 nəfərin öldüyü təsdiqlənib, 1000-dən artıq yaralı var.