Keçmiş Liviya diktatoru Müəmmar Qəddafinin öldürülməsi və İraqda müharibənin uğurla başa çatması ABŞ-ın dünya liderliyini bərpa olunduğundan xəbər verir. Bu fikirləri ABŞ prezidenti Barak Obama həftəlik xalqa müraciəti zamanı bildirib.
"Bu həftə biz ABŞ-ın dünya liderliyini bərpa olunduğuna işarə vuran iki sübut əldə etdik. Bunlardan biri İraqdan ordunun tamamilə çıxarılması qərarı, ikincisi isə Müəmmar Qəddafinin öldürülməsidir", - Barak Obama deyib.
"Qürür hissi ilə bildirirəm ki, hazırda İraqda olan ABŞ hərbçiləri ilin sonunadək geriyə qayıdacaqlar. Biz artıq 100 min hərbçimizi İraqdan çıxarmışıq, yerli hökümət isə ölkədə sabitliyi qorumağı öz öhdəsinə götürüb. ABŞ ordusunun sayəsində indi onlar öz gələcək taleləri barədə özləri qərar verə bilərlər", -ölkə başçısı bildirib. O növbəti addımın Əfqanıstandakı ABŞ kontingentinin azaldılmasına yönəldiləcəyini açıqlayıb.
SalamNews-un "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Barak Obama Müəmmar Qəddafinin qətlə yetirilməsinin "Liviya xalqına edilən yardımın düzgün addım olduğuna" dəlalət etdiyini bildirib.
"Qarşıya qoyulan məqsədə Liviya ərazisinə bir ABŞ əsgəri belə göndərmədən nail olduq. Təyyarəçilərimiz qan tökülməsinin qarşısını almağa, çoxsaylı insan həyatlarını xilas etməyə və Liviya xalqına qələbə çalmağa yardımçı oldu. Tezliklə NATO-nun bu ölkədə hərbi əməliyyatları başa çatacaq. Bundan sonra biz demokratiya yolunda həm Liviyaya, həm də digər ərəb ölkələrinə yardım etməkdə davam edəcəyik", - Barak Obama vurğulayıb.
Prezidentin sözlərinə görə, onillik müharibədən sonra ABŞ "səhidəni çevirərək yoluna davam etməlidir".
"Son 10 il ərzində müharibəyə trilyon dollar xərcləmişik. Bu isə öz xalqımıza maliyyə ayırmağa imkan verməyib", -o deyib. Barak Obama bundan sonra əsas diqqətin ölkə vətəndaşları qarşısında borcların yerinə yetirilməsinə yönəldiləcəyini açıqlayıb.