Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın İranı sui-qəsd planlamaqda günahlandırması ilə bağlı İranın ABŞ-ın əlindəki dəlilləri nəzərə alması lazım olduğunu söyləyib.
Salamnews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistin ''İran xarici işlər naziri ilə mətbuat konfransındakı açıqlamalarınız xarici mətbuata ABŞ-ın, Səudiyyə Ərəbistanının Vaşinqton səfirinə qarşı sui-qəsd iddialarına inanmadığınız şəklində əks olunub. Bu mövzuda fikriniz nədir? Həqiqətən, ABŞ-ın iddialarının həqiqətə uyğun olmadığını düşünürsünüz? İranın günahsız olduğuna inanırsınız?'' suallarına Davudoğlu belə cavab verib: "Mövqeyimi daha açıq və dəqiq şəkildə çatdırım. Bir ölkənin başqa bir ölkədə üçüncü bir ölkənin səfirinə qarşı sui-qəsd edəcəyi ilə bağlı iddialar son dərəcə ciddidir. Bu diqqətli və ciddi bir şəkildə nəzərdən keçirilməlidir. İran xarici işlər nazirinə verdiyim ismarıc əsasən bundan ibarətdir. Qonşumuz İrana tövsiyəmiz budur ki, ABŞ-ın əlindəki dəlilləri nəzərə alsın və bu vəziyyətin aydınlaşmasına kömək göstərsin".