İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məscidlərdə azan verilməsi ilə bağlı problemləri araşdırmaq üçün Zaqatalaya yola düşəcək. Onun bildirdiyinə görə, Zaqatala rayon rəhbərliyinin azanın səsləndirilməsinə qadağa qoyması barədə mətbuatda yazılanları narahatlıqla qarşılayır.
Hacı Sabir Həsənlinin fikrincə, məscidin məktəbə və ya xəstəxanaya yaxın ərazidə yerləşməsi azana qadağa qoyulmasına əsas vermir: "Dünyanın heç bir yerində məscidlər səhralıqda, kimsənin olmadığı yerlərdə tikilmir. Təbii ki, məscidin yaxınlığında məktəb də, xəstəxana da ola bilər. Amma mən inanmıram ki, hansısa xəstə azan səsi eşitməkdən şikayətlənsin. Əksinə, azan xəstə üçün mənəvi ruh deməkdir". İslam Universitetinin rektoru onu da bildirib ki, ölkənin hansısa bölgəsində azana qadağa qoyulması insan hüquqları baxımından yolverilməzdir və dövlətin dinə qayğı siyasəti ilə üst-üstə düşmür. Hacı Sabir Həsənlinin sözlərinə görə, problem yerində araşdırıldıqdan sonra müvafiq addımlar atılacaq və azana qadağa qoyulması barədə məlumatlar təsdiqlənərsə, dövlət orqanlarına müraciət olunacaq.