Türkiyənin Azərbaycandakı səfirliyinin qarşında Türkiyə və Azərbaycan vətandaşlarının bu gün keçirdiyi aksiya başa çatıb.
SalamNews-un xəbərinə görə, aksiyaya səbəb PKK-nın Hakkari vilayətinə hücumu və hücum nəticəsində şəhid olan əsgərlərin ailələrinə dəstək vermək olub. Aksiyada 300-ə yaxın insan iştirak edib. Səfirliyin ətrafında çoxlu sayda polis toplaşsa da, aksiya iştirakçılarına mane olmayıblar. İştirakçılar PKK terroru əleyhinə şüarlar səsləndiriblər.
Aksiyada çıxış edən Azərbaycan-Türkiyyə dostluq cəmiyyətinin həmsədri Kadır Yıldız qeyd etdi ki, son 1 ayda Türkiyə 100 yaxın şəhid verib
“Can ölkəmiz Azərbaycandan bütün dünyaya bunu vurğulamaq istəyirəm. Biz türk gəncliyi olaraq vuruşmağı, şərəflə ölməyi və şəhadət şərbəti içməyi çox gözəl bilirik. Bunu Canaxqalada, Sakariyada göstərmişik. Düşmənimizə də şərəflə ölməyi arzu edirik. Törədilən terror aktlarının dini, vicdanı, əxlaqı və şərəfi yoxdur. Bunu edənlər bilməlidir ki, bir gün eyni bəla onları da tapacaq”, - deyə Kadır Yıldız bildirdi.
Kadır Yıldız türk millətini səbrli olmağa dəvət edərək: “Biz bir kərə ölüb, min kərə dirilərik! Bir acı çəkərik, lakin gərəkirsə düşmənə min acı çəkdirərik!” dedi.
“Torpaq su ilə qarışanda palcığ, qan ilə qarışanda vətən olur. Vətən yolunda şəhadət şərbəti içib qanını tökən şəhidlərimizin ruhu şad olsun. Sonda qeyd etmək istəyirəm ki, türk milləti alçağcasına ölməyi deyil, şərəflə Qarabağ uğrunda ölməyi arzu edir”, - deyə Kadır Yıldız vurğuladı.
Xatırladaq ki, oktyabrın 19-na keçən gecə İraqın şimalından Türkiyə ərazisinə daxil olaraq təhlükəsizlik qüvvələrinə hücum edən və daha sonra qaçan PKK terrorçularını təqib edən türk hərbiçiləri İraqa daxil olublar.
PKK-nın Hakkari vilayətinin Çukurca qəsəbəsində dislokasiya olunmuş təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində şəhid olan əsgərlərin sayı 26-ya çatıb. Bu hadisədən bir qədər əvvəl isə Bitlis rayonunda 5 polis və 1-i uşaq olan 3 mülki vətəndaş qətlə yetirilib.