Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: “Ölkənizdə terror aktlarının törədilməsindən və bunların çoxsaylı insan tələfatı ilə nəticələnməsindən son dərəcə kədərləndim. Biz bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik. Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, PKK terrorçularının oktyabrın 18-i və 19-da həyata keçirdikləri terror hücumları nəticəsində 34 nəfər şəhid olub, 20-dən çox şəxs yaralanıb.