Naxçıvan Muxtar Respublikasında mollaların attestasiyası keçirilib. Bu barədə SalamNews-a açıqlamasında Attestasiya Komissiyanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib.
O deyib ki, Naxçıvanda 77 nəfərin attestasiyadan keçirilməsi nəzərdə tutulsa da, üzürlü səbəblərdən onların 47-si prosesə gəlməyib: “İki gündə 30 nəfəri attestasiyadan keçirdik. Onlardan 6-sı qeyri-məqbul hesab olundu, 24-ü isə attestasiyadan uğurla keçdilər. Mollaların 11-i imami-cəmaət və dini ayinlərin, 13-ü isə yalnız dini ayinlərin icraçısı kimi attestasiyadan keçib”.
Komissiya sədri vurğulayıb ki, attestasiyadan keçməyənlərin bəzilərinə 3, bəzilərinə isə 6 ay möhlət verilib. Onlar isə bu aylarda hazır olub-olmamaları barədə qazilərinə xəbər verəcəklər.
M.Seyidzadə söyləyib ki, üzrlü səbəblərdən attestasiyaya gəlməyənlər barəsində də yenidən iş aparılacaq. O, attestasiyada QMİ-nin, Naxçıvanın qaziləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyini deyib.
Hacı Mirəziz onu da açıqlayıb ki, həcc ziyarətindən sonra mollaların attestasiyası Salyan, Neftçala və Sabirabad rayonlarında aparılacaq.