İranda "Qışda hicabsızlığa qarşı mübarizə" layihəsi fəaliyyətə başlayıb. Layihə barədə jurnalistlərə açıqlama verən Tehran polisinin rəisi Əhməd Rza Radan deyib ki, qış aylarında əxlaq təhlükəsizliyinə nəzarət gücləndiriləcək.
Ə.R.Radan qışda hansı halların hicab qaydalarının pozulması sayılacağına aydınlıq gətirərkən deyib: "Qadınların şalvar üstündən uzun çəkmə geyməsi, yaylıq əvəzinə papaqdan və ya şlyapadan istfadə etməsi, dar mantolar geyinməsi, manto yerinə qısa və dar gödəkçələrdən faydalanması hicabsızlıq əlamətidir və bunun qarşısını almaq üçün qadınlı-kişili polis qüvvələri şəhərin hər yerində fəaliyyət göstərəcək".
Tehran polisinin rəisi "Qışda hicabsızlığa qarşı mübarizə"nin çox ciddi bir layihə olduğunu vurğulayıb: "Bizim heç kəslə zarafatımız yoxdur. Bu çox ciddi layihədir və layihəni dayandırmaqdan söhbət belə gedə bilməz".
Ə.R.Radan qeyd edib ki, qadınların şalvarın üstündən çəkmə geyməsi onların özlərini başqalarına göstərmək meylinin təzahürüdür. Polis rəisinin fikrincə, şalvar üstündən çəkmə geymək həm də qadınların bir sıra bədən üzvlərinin qabarıq şəkildə nümayiş etdirilməsinə səbəb olur.