Artıq xəbər verdiyimiz kimi, Asiya Dialoqu İctimai Birliyinin təşkil etdiyi “Mavi Mərmərə ilə azadlığa” adlı beynəlxalq tədbir oktyabrın 17-də saat 11-də “Avropa” otelində işinə başlayıb.
Tədbirdə çıxış edən Avropa Yəhudiləri başqası Dror Feyler, Qəzzanın blokadası bitənə qədər mübarizəni davam etdirəcəklərini bildirib:
"Mən həm 2010-da, həm də 2011-ci il Azadlıq gəmilərində iştirak etmişəm. Və sizdə belə bir sual ola bilər ki, biz nəyə görə bu işə getdik. Biz bilirdik ki, qarşı tərəf bizi öldürə bilər. Səbəb çox aydındır.
İnsanlar bərabər hüquqa malikdir. Bu tədbiri xüsusi edən müxtəlif millətlərin bir yerdə olmasıdır. Bizim hökumətlər həmişə yüksək səslə beynəlxalq hüquqlardan danışırlar, lazım olan şeyləri isə etmirlər.
Oradakı insanları öldürmürdülər, qətl edirdilər. Ona görə də oradakı insanları Türkiyə şəhidi yox, dünya şəhidi elan etmək lazımdır.
Biz bu işi dostlarımızla birgə başlatmışıq və haqsızlığa qarşı mübarizəni daim davam etdirəcəyik. İnsanlar yaşadığı yerdən asılı olmayaraq eyni hüquqlara malikdirlər.
Biz öz mübarizəmizi blokada tam olaraq qaldırılana qədər davam etdirəcəyik. Haaqa tribunalına çıxana qədər davam etdirəcəyik. Heç kəs insanlardan öz haqlarından istifadə etmək hüququnu ala bilməz".