Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pəncab vilayətinin qubernatoru Sərdar latif xan Xoşa ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. Qubernator ölkəsinin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olduğunu xatırladıb. O bildirib ki, Pakistan Azərbaycanla tarixi, mədəni və dini bağlılığa əsaslana qardaşlıq münasibətlərini yüksək dəyərləndirir. O Azərbaycan hökumətinə sel fəlakəti zamanı Pakistana göstərdiyi yardımlar üçün təşəkkürünü bildirib.
İki ölkə arasında ticarət dövriyyəsinin 11,55 milyon dollar təşkil etdiyini deyən Pəncab qubernatoru qeyd edib ki, bu rəqəm mövcud potensialı əks etdirmir.
Səfir Daşqın Şikarov öz növbəsində qeyd edib ki, Azərbaycan əməkdaşlığı genişləndirməyə və Pakistandakı energetika böhranını dəf etmək üçün öz təcrübəsini bu ölkə ilə bölüşməyə hazırdır.