Oktyabrın 15-də İordaniyanın paytaxtı Əmman şəhərində şahzadə Basma bint Talalın himayədarlığı və diplomatik korpusun iştirakı ilə 45-ci Xeyriyyə Bazarı keçirilib.
Azərbaycanın İordaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bazarda İordaniyada akkreditə olunmuş 60-a qədər səfirlik və diplomatik nümayəndəlik, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçilikləri iştirak edib. Bazardan əldə edilən vəsait “Umm Hüseyn” Xeyriyyə Fondunun büdcəsinə köçürülüb.
Azərbaycanın İordaniyadakı səfirliyi hər il olduğu kimi, bu il də bazarda milli mətbəximizin müxtəlif yemək növlərini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli musiqi alətlərini təsvir edən çoxlu suvenirlərlə, milli geyim nümunələrimizlə təmsil olunub. Şahzadə bütün ölkələrin guşələri ilə yanaşı, Azərbaycan guşəsi ilə də yaxından tanış olub, hətta milli geyim nümunələrindən bəzilərini və İordaniyada Azərbaycan haqqında nəşr olunan nəfis tərtibatlı kitabdan da bir nüsxə alıb.