Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək.
APA-nın xəbərinə görə, bu barədə Mehmet Görməz Allahşükür Paşazadə ilə keçirdiyi birgə brifinqdə məlumat verib. Dini İşlər İdarəsinin rəhbəri birgə müraciətin Bakıda Cümə məscidinin tikintisi ilə bağlı olacağını deyib. M. Görməz bu gün Hacıbala Abutalıbovla görüşünün gözləndiyini açıqlayıb.
Allahşükür Paşazadə isə Bakıda tikilmiş “Şəhidlər” məscidinin kiçik olduğunu deyib: “İndi də həmin məsciddə eyni vaxtda bir neçə min şəxsin namaz qılması mümkün deyil”.
“Şəhidlər” məscidinin sökülməyəcəyini deyən A. Paşazadə orada kütləvi namaz qılmağın mümkün olmadığını qeyd edib: “Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edirik ki, Bakıda Cümə məscidinin tikilməsi üçün yer ayrılsın”.