Bu gün səhər saatlarında Bakıdan Səudiyyə Ərəbistanına zəvvarları aparan təyyarənin uçuş qrafiki dəyişdirilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Buna səbəb Mədinə şəhərindən havaya qalxan Səudiyyə Ərəbistanının "Monarx Air" şirkətinə məxsus "Aerobus" markalı təyyarənin Bakıya gec çatması olub. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə bildirib ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərindən gələn təyyarə Bakıya bu gün saat 12:00-da çatıb: "Ekipaj istirahət etmədən təyyarənin yenidən havaya qalxmasına icazə verilmir. Odur ki, təyyarənin uçuşunda ləngimə olub".
Qeyd edək ki, təyyarə artıq saat 18.00 radələrində yola düşüb. Təyyarə ilə Mədinə şəhərinə 361 zəvvar yola salınıb.