İraqda oktyabrın 25-dən etibarən yenidən başlayan etirazlar nəticəsində ölənləri sayı artıq 100 nəfəri keçib. Etirazçılar əsasən Bağdadda səfirliklər və mərkəzi hökumət binalarının yerləşdiyi “yaşıl bölgəyə” daxil olmağa çalışsa da, təhlükəsizlik qüvvələri imkan vermir. Ən son olaraq “yaşıl bölgəyə” girməyə çalışanların 1 nəfəri öldürülüb, 70 nəfər isə yaralanıb. Ümumilikdə isə İraqda etirazların başladığı 1 oktyabrdan bu günə qədər 250 nəfərin öldüyü və minlərlə insanın yaralandığı bildirilir.
Hazırda Bağdadda əsas etiraz qalası Dəclə çayı üzərində yerləşən Respublika körpüsünün üzərində, Təhrir (Azadlıq) meydanı yaxınlığında yerləşən keçmiş “Türk restoranı”nın 14 mərtəbəli binasıdır. Şəhərin ən mənzərəli yerində yerləşən bu restoran amerikalıların hücumundna sonra yandırılıb. Lakin bina hələ də qalır və zaman-zaman etirazların mərkəzinə çevrilir. Hazırda da təxminən 8 min nəfər yaxın etirazçı bu binanı ələ keçirib və hökumət qüvvələrini binaya buraxmır. Ərəb mətbuatının yazdığına görə, bina Bağdadın ən mərkəz yerində və bütün mühüm nöqtələri müşahidə etmək imkanına malik olduğu üçün həm polis. Həm də mitinqçilər bu binaya sahib olmağa çalışır. Plis bu bina vasitəsilə daha əvvəl mitinqçilərin “yaşıl zona”ya girməsinin qarşısını alıb. İndi isə mitinqçilər binanı polisə vermir. İraqlı etirazçılar indi bu binaya İslam tarixində baş verən məşhur döyüşlə əlaqədar olaraq “Uhud dağı” adını verib. Uhud dağı eyni adlı döyüşün baş verdiyi və yüksəkliyin savaşın taleyini həll etdiyi müharibə olub.
Ancaq indi daha çox diqqət çəkən buradakı etirazçıların aldığı dəstəkdir. Məsələn, “Şərq əl-Avsat” qəzetinə müsahibə verən Bağdad sakini Məhəmməd Salman bildirib ki, hazırda restoan binası və ətrafında 8 minə yaxın etirazçı var və bunlara dəstək qrupları mütəmadi olaraq qida, su, dərman və digər zəruri ehtiyac məhsulları gətirir. Bu səbəbdən də indi etirazçılar möhkəmdir, binanı hökumət qüvvələrinə verməməkdə inad edir.

Bu arada BMT-nin yardım missiyasının rəhbəri Janna Hennis bir gün əvvəl Təhrir meydanına gələrək mitinqçilərlə görüşüb. BMT ofisindən bildirilib ki, bu ziyarət hökumət və etirazçılar arasında dialoq yaratmağa hesablanıb.
Xatırladaq ki, İraqda etirazlar oktyabrın 1-də başlayıb. İlk vaxtlarda əsas şüarlar hökumətdəki korrupsiya və yeyinti faktları, hökumət orqanlarının yetərsiz fəaliyyətləri olub. Daha sonra şüarlar siyasiləşib və hökumətin istefası tələb olunub. ancaq İraqda başlayan Ərbəin ziyarətləri səbəbilə aksiyalar dayandırılıb və oktyabrın 25-də yenidən bərpa olunub.
Maraqlıdır ki, İraqdakı etirazları parlament çoxluğunun lideri, din adamı Müqtəda əs-Sədr də dəstəkləyir. Çərşənbə axşamı günü Sədr parlamentdə əsas fraksiyalardan birinin lideri Hadi əl-Amiriyə müraciət edərək hökumətə etimadsızlıq göstərməyə çağırıb. Müqtəda əs-Sədr daha əvvəl də növbədənkənar seçki çağırışı etsə də, hökumət bu təklifi rədd edib. Hazırda o, etirazçılara açıq-aşkar dəstək verir.

Qeyd edək ki, İraqda hazırda etirazlar yalnız paytaxt Bağdadda deyil, ölkənin digər şəhərlərində də baş verir. Bu həftə etirazlar ölkənin müqəddəs şəhəri Kərbəlada da baş verib. Qərb mediası Kərbəlada əyalət məclisi qarşısında polis və etirazçılar arasında qarşıdurma olması və bir mitinqçinin öldürülməsi haqda xəbər verib. İraqda etirazların bu şəkli alması artıq ölkənin mövcudluğunu sual altında qoyur. 1991-ci ildə beynəlxalq koalisiya tərəfindən məğlub edilən Səddam Hüseynin rəhbərlik etdiyi İraq hökuməti 2003-cü ildə baş verən ikinci İraq müharibəsi nəticəsində tamamilə yox edildi və dövlət sistemi tamamilə sıradan çıxarıldı. İraqda 2005-ci ildə yeni konstitusiya və federal hakimiyyət formalaşdı. Ancaq parlamentli İraq hökumət sistemi bu ölkəyə sabitlik və istiqrar gətirmədi. ABŞ ordusu 8 ildən sonra 2011-ci ildə İraqı tərk etsə də, terror və qarşıdurmalar davam etdi. 2014-cü ildə isə İŞİD İraqın az qalan 30 faizini ələ keçirərək Mosulu yeni “xilafətin” paytaxtı elan etdi. İŞİD-lə mübarizə 2017-ci ilə qədər davam etdi və bu dəfə də ölkənin şimal hissəsi dağıdıldı.
İraqlılar isə korrupsiya və infrastrukturun məhv edilməsindən narazıdır. Etiraz edən kütlə ABŞ müdaxiləsindən sonrakı 16 il ərzində İraqda 450 milyard dollar pulun yoxa çıxdığını iddia edir. İraq hazırda gündəlik 4,5 milyon barel neft ixrac edən dünyanın ən böyük neft ölkələrindən biri hesab olunur. Üstəlik İraqa hər il milyonlarla insan dini ziyarətgahları görmək üçün bu ölkəyə gəlir.
Ancaq indi bu qədər münbit torpaqları və təbii sərvətləri olan ölkə faktiki olaraq yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. İraq nümunəsi göstərdi ki, Yaxın Şərqin neft ölkələrində sabitlik əsas faktorlardan biri və birincisidir. Artıq bir ay keçmədən ölkədə mitinqlərdə 250 nəfərdən çox insan ölüb.
İraq indi illərlə davam edən müharibə və terror, dini-məzhəbi, etnik bölücülük, xarici güclərin ölkədəki nüfuz mübarizəsi meydanına çevrilib. Bu prosesdə itirən yenə də İraq xalqıdır. Faktiki olaraq müxtəlif qüvvələrin oyununa gələn iraqlılar demək olar ki, hər gün küçələrdə bir birini öldürür. Halbuki iraqlıların istefasını tələb etdiyi hökumət ötən ilin mayında xalqın azad seçkiləri nəticəsində formalaşıb, baş naziri isə siyasi qüvvələr öz aralarında razılaşdırıb. İstənilən halda İraqdakı proseslər siyasi mübarizə və ya sosial etiraz deyil, ölkəni xaos və qarışıqlığa çəkmək cəhdidir. Bu isə onsuz da kövrək olan bütövlüyü daha da sarsıdır. İraqda etirazlar başlayanda baş nazir Adil Əbdülmehdi “iraqlılar dövlət və dövlətsizliklə seçim qarşısındadır” demişdi. İraq xalqı indi bu seçimin imtahanını verir.
Kənan Rövşənoğlu,
Musavat.com