Oxucu sual verir: Pul ilə yox, məsələn, çayxanada içilən çayın pulunu ödəmək adı ilə domino oynamaq olarmı?
İslam dini bəzi məsələlərə çox ciddi və sərt şəkildə münasibət bildirir. Qumarla bağlı məsələlər də bu qəbildəndir. Şəriətimizə görə, qumarın hər bir növü qəti surətdə haramdır. Bu haramlıq Quran ayələrinin (Maidə, 90-91) və hədislərin hökmü ilə qüvvəyə minmişdir. Qumarın nədən oynanması da mühüm deyil. İstər az, istərsə də çox məbləğdə pul, kiçik və ya böyük mal, hər hansı iş və xidmət qumar obyekti ola bilər. Qumarın zarafatla, necə deyərlər, “xoş niyyətlə” oynanması da bəraət qazandırmır. Dostların bir yerə yığışaraq hər hansı mal, pul və ya iş müqabilində qumar oynaması yolverilməzdir. Yemək və çay süfrəsi arxasında da, hesabı kimin verəcəyi mövzusunda oyun oynamaq qumarın bir növüdür. Müsəlmanlar bu kimi işlərdən qəti surətdə uzaq durmalıdırlar.