Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzi və parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Argentina münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.
Nazir E.Məmmədyarov bu kimi səfərlərin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib. O, qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə məlumat verib.
Argentinalı parlamentarlar Azərbaycan həqiqətlərinin Argentina ictimaiyyətinə çatdırılması üçün hazır olduqlarını bildiriblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.