Oxucu sual verir: Dəstəmaz aldıqdan sonra insan hər hansı səbəb üzündən öz cinsiyyət üzvünə əlini toxundursa, dəstəmazı pozularmı?
Bu barədə İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Bəzi müsəlman alimlərin fikrincə, hər hansı səbəb üzündən (istər şəhvət qəsdi ilə, istərsə də qaşımaq və s. məqsədi ilə) öz cinsiyyət üzvünə toxunmaq dəstəmaza təsir etməz və dəstəmaz öz qüvvəsində qalar. Cəfəri və hənəfi məzhəblərinin görüşü budur. Şafii və maliki məzhəblərinə görə, insan əlinin içi və barmaqları ilə hər hansı səbəb üzündən özünün və ya başqasının cinsiyyət üzvünə toxunsa, dəstəmaz pozular. Hətta şafii məzhəbinə görə, ana öz körpəsini çimizdirərkən və ya altını təmizləyərkən də onun övrət yerlərinə toxunsa, dəstəmazı pozulmuş olar. Hənbəli məzhəbində bəzi alimlər hər bir halda övrət yerinə toxunmağın dəstəmazı pozduğunu bildirmişlər. Bəzi hənbəli alimləri isə yalnız şəhvətlə toxunmağı şərt qoymuşlar, şəhvətsiz toxunduqda isə dəstəmaz öz qüvvəsində qalar.