İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsddə rəsmi Tehranın ünvanına səsləndirilən ittihamları yalan adlandırıb.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Xəzai ABŞ xüsusi xidmət orqanlarının bəyan etdikləri bu xəbəri rədd edib.
İranın BMT-dəki səfiri BMT Baş katibi Pan Gi Muna ünvanladığı məktubunda bu ittihamlardan hiddətləndiyini bir daha vurğulayıb.
Məktubda deyilir: "İran İslam Respublikası bu ittihamları qətiyyətlə rədd edir. İstənilən ölkə digərinə qarşı bu cür uydurma ittihamlar irəli sürə bilər".
İranlı diplomat bu cür addımalrın dövlətlər arasında təhlükəli presedentlər yarada biləcəyindən ehtiyatlandığını diqqətə çatdırıb.
Məktubda İranın hər zaman terrora qarşı olduğu da vurğulanır. Səfirin sözlərinə görə, ölkəsi də "terrorun qurbanıdır". O buna misal kimi, son 2 ildə sionist rejimin həyata keçirdiyi terror hücumları nəticəsində bir sıra iranlı nüvə-alimlərinin qətlini göstərib.