İraqda baş verən iğtişaşlar zamanı azı 12 nəfər ölüb, yaralıların sayı 650 nəfərə çatıb.
Bu barədə İnsan haqları üzrə Ali Komissiyadan məlumat verilib.
"Etirazlar zamanı 11 nümayişçi və 1 təhlükəsizlik xidməti əməkdaşı ölüb. 650 nəfər, o cümlədən təhlükəsizlik xidmətinin 87 əməkdaşı yaralanıb", - deyə Komissiyanın rəhbəri Əli əl-Bayati deyib.
Onun sözlərinə görə, 122 nəfər saxlanılıb, onların əksəriyyəti artıq sərbəst buraxılıb.
Daha əvvəl İraqın baş naziri Adel Abd əl-Mehdi davam edən etiraz aksiyaları fonunda cümə axşamı səhər saat 5-dən etibarən paytaxt Bağdadda komendant saatı tətbiq olunduğunu elan edib. Komendant saatı başqa bir neçə vilayətdə də tətbiq edilib.
Etirazlar oktyabrın 1-də Bağdadda başlayıb. Aksiyanın dağıdılması zamanı 2 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Çərşənbə günü etirazlar təkcə Bağdadda deyil, digər bir neçə vilayətdə - Zi-Kar, Vasit, Nəcəf, Divaniyyə, Babildə də davam edib.
Nümayişçilər yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həllini tələb edirlər.