Husilər son ayda həyata keçirilən "Nasrun Minəllah" əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiyadan 150 kvadrat km ərazini geri aldıqlarını bəyan ediblər.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri məlumat verib.
Yəmən paytaxtında keçirilən mətbuat konfransı zamanı Y. Səri bildirib ki, onlar "Nasrun Minəllah" əməliyyatının ikinci mərhələsi çərçivəsində Səudiyyə koalisiyasından 150 kvadrat km ərazini geri alıblar.
Y. Səri həmçinin bəyan edib ki, sözügedən əməliyyatın bir və ikinci mərhələsində qarşı tərəf 350 hərbi texnikasını itirib.
Bundan öncə husilər bəyan ediblər ki, bu əməliyyat zamanı onlar qarşı tərəfin azı 2 min canlı qüvvəsini əsir götürüblər.
Səudiyyə Ərəbistanı koalisiyası husilərin bu iddialarını əsassız adlandırıb.