“Azərbaycan hökuməti Ərdəbil vilayəti ilə sərhəddə buraxılış məntəqəsi açmaq istəyərsə, biz buna hazırıq”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ərdəbil vilayətinin rəhbəri Hüseyn Sabiri deyib. H. Sabiri bu mövzuda Azərbaycan tərəfi ilə danışıqlar aparmaq üçün İranın Azərbaycandakı səfiri ilə yazışdığını söyləyib. O bildirib ki, yeni buraxılış məntəqəsinin açılması iqtisadi əlaqələrin inkişafına və hər iki ölkənin sərhədyanı ərazilərində yaşayan əhalinin rifahının yaxşılaşmasına səbəb olacaq.
H. Sabiri qeyd edib ki, İran Naxçıvan üçün nəzərdə tutulan yanacağı Biləsüvar sərhəd-buraxılış məntəqəsində qəbul edib eyni miqdarda yanacağı Culfa sərhəd-buraxılış məntəqəsindən Naxçıvana ötürə bilər: “Belə mübadilə Naxçıvan Muxtar Respublikasının yanacaqla təmin olunmasını asanlaşdırar və xərcləri azaldar. Bu, hər iki ölkəyə sərfəlidir”.