Fransız mətbuatı Türkiyəyə "tarixi ilə üzləşməli" ismarıcını verən Fransa prezidenti Nikola Sarkozinin çıxışını müzakirə edir.
Salamnews-un "Milliyət" qəzetinə istinadən verdiyi xəbərə görə, mühafizəkar "Le Figaro" qəzetində Sarkozinin çıxışı ilə bağlı analitik yazı yerləşdirilib. Sarkozinin prezident seçki kampaniyası ərəfəsində qondarma erməni soyqırımının inkarını cinayət sayan qanunu təsdiqlətdirəcəyi ilə bağlı söz verdiyini xatırladan qəzet yazır: "Niyə Türkiyə ilə konfrontasiyaya gedir?!. Gözlənildiyi kimi, Türkiyə cümə günündən etibarən reaksiyasını sərt şəkildə göstərir. Söyləməyə ehtiyac yoxdur ki, prezident seçkilərinə altı ay qalmış belə təxribat xarakterli beyanat prezidentə çox faydalı olacaq".
Qəzet, Sarkozinin çıxışının ona nə kimi fayda verəcəyi ilə bağlı bildirir: "Hər şeydən əvvəl, prezident bu bəyanatı ilə 2007-ci ildə ona səs verən Fransadakı ermənilərin könüllərini yenidən fəth etdi".
"Ərəb baharı" dalğasında lider mövqeyə sahib olmaq üçün Sarkozi Ərdoğanla nüfuz mübarizəsi aparır. Prezident bilir ki, Sosialist Partiyası Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə qarşı konkret hər hansı addım atmayacağının fərqindədir. Bu jest 80 milyon müsəlmanın yaşadığı bir ölkənin Aİ-yə girməyə qarşı çıxan sağ və mərkəz siyasi görüşlü əhalisinin gözündə xal qazanılmasına xidmət edir",- deyə gazet yazır.