“Xəzər dənizi beş hövzəətrafı dövlətə məxsusdur və burada digər ölkələrin kök salmasına izin verilməməlidir”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi qazaxıstanlı həmkarı Yerjan Kazıxanovla danışıqlardan sonra birgə keçirdiyi mətbuat konfransında deyib. İran İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri xüsusi olaraq vurğulayıb ki, Xəzər bölgəsinə aid olmayan dövlətlərin bura müdaxiləsinə və hərbi mövcudluğuna imkan verilməməlidir.
Nazir Xəzərin hüquqi statusu məsələsinə də toxunub və qeyd edib ki, yekun razılaşma yalnız konsensus əsasında əldə olunmalıdır: “Statusla bağlı ekspertlər səviyyəsində yaxın zamanlarda növbəti görüşün Astanada keçirilməsi nəzərdə tutulub və biz ümid edirik ki, konvensiyaya dair təmaslar faydalı olacaq”.
Salehi həmçinin qeyd edib ki, İran Xəzərin ekologiyasına xüsusi önəm verir.