"Sovetlər sistemi dağıldıqdan sonra Azərbaycandakı azadlıqdan istifadə edərək ölkəyə müxtəlif dini təriqətlər daxil olub". Bu sözləri ölkədəki dini durumla bağlı sualı cavablandıran Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib.
R. Mehdiyev bildirib ki, bu təriqətlər Azərbaycanda İslam ənənələrinə uyğun deyil: "Əlbəttə, bu nöqteyi-nəzərdən bu məsələlər bizi düşündürür. Mən o fikrimdə qalıram ki, Azərbaycanın öz ənənəvi dini ideologiyası var və biz bunu qoruyub saxlamalıyıq".
Vəhhabilik probleminə toxunan R. Mehdiyev bəzi ərəb dövlətlərində vəhhabiliyin əsas dini cərəyan olduğunu xatırladıb: "Ona görə də biz bu məsələlərdə diqqətli olmalıyıq. Fərqi yoxdur, vəhhabidir, ya yox – hər bir məsələyə qanun çərçivəsində baxılmalı, insanlarla qanunauyğun rəftar edilməlidir. Düşünürəm ki, mətbuat da bu məsələyə diqqətlə yanaşmalı, həbs olunan şəxsi dini mənsubiyyətinə görə yox, törətdiyi əməlinə görə qiymətləndirməlidir. Kimsə vəhhabidirsə və həbs olunubsa, bu onun vəhhabi olduğu üçün həbs olunduğu mənasına gəlmir. O, konkret cinayət törətdiyinə görə tutulub".