Bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanların Nərimanov rayon məhkəməsində Araz İsmayılov 2 il, Rüfət Nuriyev və Nurani Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rövşən Məmmədov və Əlvan Hüseynov isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar.
DEVAMM məhkəmənin bu hökmünü pisləyən bəyanatla çıxış edib. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu SalamNews-a bildirib ki, məhkəmənin bu hökmü insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndiririk. Sərbəst toplaşmaq və özünüifadə kimi konstitusion azadlıqlarını realizə edən vətəndışlar həbs edilərək, məhkəmə qarşısına çıxarılıblar. Məhkəmədə onların təqsirliyinin sübuta yetirilməməsinə baxmayaraq, azadlıqdan məhrumedilmə kimi ən ağır cəza növünə məruz qalmışlar. DEVAMM bu halı pisləyir və onların azadlığa buraxılması üçün çağırış edir.
Xatırladaq ki, "Hicaba azadlıq" aksiyasında həbs olunanlar Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunurlar.