MDB ölkələrindən olan bir qrup jurnalist Ufada yerləşən Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin başçısı, ali müfti Talqat Safa Tacuddin ilə görüşüb.
SalamNews-un məlumatına görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) nümayəndələrinin də iştirak etdikləri görüşdə ali müfti rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, o, bütün Rusiya ərazisində fəaliyyət göstərən müsəlman cəmiyyətlərini özündə birləşdirir. 1989-cu ildən Ufada dini təhsil verən mədrəsə fəaliyyət göstərir. Hazırda ümumilikdə Rusiya ərazisində 7 islam universiteti mövcuddur. Həmin universitetlərdə dini biliklərin verilməsi ilə yanaşı, digər fənlər də tədris olunur.
Azərbaycan ilə əlaqələrinə toxunan dini lider bu münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirib. O, deyib ki, bizi Azərbaycan ilə birləşdirən tarixi köklər bu gün də öz bəhrəsini verməkdədir. Möhkəm təməl üzərində qurulmuş dini əlaqələr daim inkişafdadır.