Oxucu sual verir: Tarix kitablarında adı çəkilən “Dar əl-hikmə” mərkəzi hansı istiqamətdə fəaliyyət göstərmişdir?
Abbasi xəlifəsi Harun əl-Rəşid Bağdadda “Xəzanət əl-hikmə” adlı böyük kitabxana təsis etmişdi. Burada yalnız müsəlman alimlərin əsərləri deyil, qədim dünya filosoflarının da kitabları saxlanırdı. Kitabxana fondunun böyük bir hissəsi müsəlmanların Bizansa yürüşləri zamanı əldə edilmişdi.
Sonrakı xəlifə Məmunun zamanında “Xəzanət əl-hikmə” daha da inkişaf etdi. Buranı “Dar əl-hikmə” və “Beyt əl-hikmə” (yəni “Hikmət evi”) adlandırmağa başladılar. Artıq “Dar əl-hikmə” iki bölmədən ibarət idi: kitabxana və tərcümə mərkəzi. Burada görkəmli alim və tərcüməçilər çalışırdılar: İbn Masiveyh, İbn Novbəxt, Hüneyn, Kindi, Xarəzmi, Sabit ibn Qürrə və b. “Dar əl-hikmə”də elmi tədqiqat işləri və təcrübələr də həyata keçirilirdi. Mərkəzin kitabxana fondu o dövr üçün fantastik sayıla biləcək miqdarda – 4 milyon nüsxəni əhatə edirdi.
Ehtimala görə, bu möhtəşəm elm ocağı monqolların Bağdada hücumuna (1258) kimi mövcud olmuşdur.