Pentaqon Səudiyyə Ərəbistanına yüzlərlə qüvvə göndərməyə başladığını bildirib. Səudiyyə rəsmi mənbələri də bu ezamiyyəti təsdiqləyib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, kral Salman bin Əbdüləziz ABŞ-ın əlavə qüvvələrinin ölkəyə gəlməsinə razılıq verib.
Bildirilib ki, əlavə ABŞ qüvvələrinin Səudiyyəyə gəlməsi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və iki ölkənin bu zəmində ortaq fəaliyyətinin göstəricisidir.
Qeyd edək ki, ABŞ mənbələri iki gün öncə bəyan ediblər ki, Donald Trampın əmri ilə ər-Riyadın şərqində yerləşən Əmir Sultan hava qərargahına 500 civarında ABŞ qüvvəsi göndəriləcək. ABŞ KİV-ləri bildirib ki, hazırda da bu qərargahda Səudiyyəyə satılan Patriot havadan müdafiə sistemlərinin yerləşdirilməsi ilə məşğul olan az sayda ABŞ qüvvələri var.
New-York qəzeti isə ABŞ mənbələrinə istinadla məlumat yayıb ki, Səudiyyə Ərəbistanın vəliəhdi və müdafiə naziri Məhəmməd bin Salman, Birləşmiş Ərəb Əmirliyinin Yəmən müharibəsindəki rolunu tərk etməsindən sonra ABŞ rəsmilərilə təmasda olub və yardım istəyib.