Oxucu sual verir: Kişi cinsi əlaqədən az sonra qüsl alsa, daha sonra ondan maye gəlsə, qüslü pozularmı?
Şəriətə görə, cinsi əlaqədən sonra namaz qılmaq üçün mütləq qüsl alınmalıdır. Qüslü cinsi əlaqədən dərhal sonra almaq vacib deyil, bunu bir qədər təxirə salmaq da olar. Bəzən spermanın qalıqları cinsiyyət üzvünün daxilində qalaraq, sonrakı müddət ərzində, insan hərəkət etdikcə kənara çıxır. Əgər cənabət qüslü alındıqdan sonra bu hal baş verərsə, qüsl pozulmuş sayılır və yenidən qüsl almaq tələb olunur. Bunun qarşısını almaq üçün cinsi əlaqədən sonra, qüsldən əvvəl sidiyə getmək məsləhətdir. Bu halda spermanın qalıqları sidiklə birlikdə xaric olur. Sidikdən sonra risalədə qeyd edilmiş istibra adlı əməl ilə sidiyin də qalıqları cinsiyyət üzvündən kənara çıxarılır. Beləliklə, insan cinsi əlaqədən sonra sidiyə getsə, bundan sonra istibra etsə və qüsl alsa, qüsldən sonra ondan gələn hər hansı maye təmiz sayılacaq və qüsl öz qüvvəsində qalacaq.