Oxucu sual verir: Cənazənin sinəsinin üstünə güzgü qoyulmasının mənası nədir?
Şəriətimizdə cənazə ilə bağlı bəzi hökmlər vardır. Qüsl, kəfən, cənazə namazı və şəriətə uyğun dəfn vacib hokmlərə aiddir. Bunlardan əlavə, bəzi müstəhəb hökmlər də vardır. Cənazənin sinəsinin üstünə güzgü qoyulması barədə şəriətdə heç bir göstəriş və ya tövsiyə yoxdur. Bu, çox güman ki, milli adət-ənənəyə aiddir. Ənənəyə görə, insan dünyasını dəyişdikdən sonra, adətən, qüsl-kəfəndən sonra, dəfn edilənə kimi cənazə evdə olduğu müddətdə sinəsinin üzərinə güzgü qoyurlar. Bunun səbəbi zənnimizcə, klinik ölüm halının aşkar olunması üçündür. Məlum olduğu kimi, klinik ölüm zamanı bədən öz funksiyalarını tamamilə itirir, yalnız zəif tənəffüs funksiyası qorunur. Belə vəziyyətdə insanı asanlıqla ölmüş sayıb dəfn etmək olar. Keçmişdə həkimlər ölüm faktını təsdiq etmək üçün cənazənin ağzına güzgünü yaxınlaşdırırdılar. Əgər güzgünün üzəri tərləyirdisə, insanın hələ də nəfəs aldığını və ölmədiyini bilirdilər. Ola bilər ki, cənazənin üzərinə güzgü qoyulması ənənəsi də bununla bağlıdır.