Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası subyektlərinin rəhbərləri – İnquşetiya başçısı Yunusbek Yevkurov, Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov və Dağıstan prezidenti Maqomedsalam Maqomedov ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Təzəpir məscid-kompleksini ziyarət edən qonaqlar Qafqazın dini liderini səmimi salamlayaraq onunla hər görüşlərini yüksək dəyərləndirdiklərini bildiriblər.
QMİ sədrinin Qafqaz respublikalarına səfərlərini məmnunluqla xatırladan qonaqlar Rusiya dövləti tərəfindən Şimali Qafqaz müsəlmanlarının mənəvi tələbatlarının daha yüksək səviyyədə ödənilməsi yönündə görülən işlər, habelə nəzərdə tutulan layihələr barədə A.Paşazadə ilə fikir mübadiləsi aparıblar.
Respublikamızda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını xüsusi vurğulayıblar.
Bildirilib ki, Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir.