"Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verilib. Bu barədə APA-ya R. Tağı və S. Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasət Pirisoyu bildirib. Vəkilin sözlərinə görə, həmkarları S. Sədaqətoğlu ilə görüşmək istəsələr də, onun saxlandığı Xələcdəki 5 saylı həbsxananın rəhbərliyi buna imkan verməyib: "Ona görə də yazıçılar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edəcək".
R. Tağı və S. Sədaqətoğlunun səhhətlərinin normal olduğunu bildirən komitə rəhbəri bununla yanaşı, onların taleyindən ciddi narahatlıq keçirdiklərini açıqlayıb: "Elə buna görə də Samir Sədaqətoğlunun ailəsi bu günlərdə Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinə onun təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciət ediblər".
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar "Sənət qəzeti"nin 2006-cı il 1 noyabr tarixli sayında çıxan "Avropa və biz" yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. R. Tağı 16 saylı Cəzaçəkmə Müəssisəsində, S. Sədaqətoğlu isə Xələcdəki 5 saylı həbsxanada saxlanılır.