Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəramiz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər - Mövsüm Səmədov, Vaqif Abdullayev və Fəramiz Abbasov son söz deyiblər. Hacı Mövsüm Səmədov ifadəsində onlara qarşı saxta ittihamın irəli sürüldüyünü bildirib. O, Azərbaycan İslam Partiyasının hər zaman dövlətin mənafeyinə xidmət etdiyini bildirib. M. Səmədov terrorla hər hansı əlaqəsinin olmadığını da qeyd edib.
Vaqif Abdullayev da ittihamla razılaşmadığını söyləyib.
Fəramiz Abbasov isə Azərbaycandakı hicab qadağasının əleyhinə danışdığını etiraf edib. O, terrorçuluqla əlaqəsinin olmadığını, hər zaman haqq uğrunda mübarizə apardığını deyib.
Proses günün ikinci yarısında digər təqsirləndirilən şəxslərin son sözləri ilə davam etdiriləcək.
Qeyd edək ki, bu gün təqsirləndirilən şəxslərin qohumlarının məhkəmə zalına girməsi zamanı narazılıq yaranıb. Məhkəmə binasının qarşısına toplaşan şəxslər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bir neçə şəxs polislərin hərəkətinə etiraz etdiyi üçün saxlanılaraq polis bölməsinə aparılıb. Məhkəmə zamanı isə təqsirləndirilən şəxslər buna etiraz ediblər. Hakim Eldar İsmayılov məhkəmədən bayırda nə baş verdiyini bilmədiyini deyib, təqsirləndirilən şəxslərin qohumlarının məhkəmə zalına daxil olmasına şərait yaradılması barədə göstəriş verib.
Bundan sonra onlar zala daxil ola biliblər.
Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham olunurlar.